Enrike Sereso: “Joao Feliksin nə istədiyini anlamaq gərəkdir”

Madrid “Atletiko”sunun prezidenti Enrike Sereso portuqal hücumçu Joao Feliksin “Barselona” icarəsindən qayıdışını şərh edib.

Arena.az “Jugones” dərgisinə istinadən, “döşəkçilər”in prezidentinin bu barədə fikrini təqdim edir:

“Biz Feliksin bizə qoşulmasını gözləyirik, axı o, oyunçularımızdan biridir. Joao əla futbolçudur. Harada çıxış etsə, uğur qazanacaq, şübhəsiz. İndi onun özünün nə istədiyini anlamaq gərəkdir”, deyə Enrike Sereso vurğulayıb.

Əlavə edək ki, məsələ göründüyü qədər sadə deyil. Belə ki, portuqal futbolçu “Barselona”nın azarkeşidir və tamhüquqlu əsasda Kataloniya klubuna keçmək istəyir. Ötən mövsüm “blauqrana”nın heyətində icarədə ikən Feliks “döşəkçilər”ə vurduğu qolu da böyük sevinclə qeyd etməyi özünə rəva görmüşdü. Nəticədə “Atletiko” azarkeşlərinin əxlaqsız təhqirlərinə tuş gəlmiş futbolçunun, “döşəkçilər”in stadionu qarşısındakı xatirə lövhəsi də murdarlanaraq xarab edilmiş, köynəyinə od vurularaq yandırılmış, özü isə ölümlə hədələnmişdi. “Atletiko” azarkeşləri Feliksin tezliklə Madrid klubundan qovulmasını istəyirlər.

Hazırda Joao Feliksin məsələsi açıq olaraq qalmaqdadır.

Xatırladaq ki, Joao Feliks “Barselona”ya 2023-cü ilin sentyabr ayında icardə əsasında keçmişdi. Portuqal futbolçu 2023/2024-cü illər mövsümünün sonuna qədər “blauqrana”nın xidmətində olub. Transfer hüquqlarının məxsus olduğu “Atletiko” ilə isə Feliksin 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Feliks “Barselona”nın heyətində uğurla çıxış edib. Portuqal futbolçu “blauqrana”nın heyətində bütün yarışlarda 44 oyun keçirib, 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Joao Feliks “Portu”nun yetirməsidir. Futbolçu 2015-ci ildə “Benfika”ya üz tutub. Feliks peşəkar karyerasına da məhz “əjdahalar”la başlayıb. 2019-cu ildə Madrid “Atletiko”su 127,2 milyon avro məbləğ ödəməklə Feliksi öz heyətinə qatıb.

Portuqal futbolçu “Atletiko”nun heyətində ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.

Feliks 2022/2023 mövsümündə də “Çelsi”də icarədə oynayıb, 20 oyuna 4 qol vurub.

Joao Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasında 41 oyun keçirib, 8 qol vurub, 4 məhsuldar ötürmə verib və UEFA Millətlər Liqasını (2019) qazanıb.

“Transfermarkt” internet-portalı Joao Feliksin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: