Türkəsilli almaniyalı yarımmüdafiəçi İlkay Gündoğan “Barselona”dan azad agent qismində “Mançester Siti”yə keçib.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
“Şəhərlilər” Gündoğanla cari 2024/2025-ci illər mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
“Barselona” Gündoğana “blauqrana”ya göstərdiyi xidməti müqabilində təşəkkürünü bildirib:
“Barselona” və “Mançester Siti” əsas komandanın futbolçusu İlkay Gündoğanın keçidi üçün razılığa gəliblər. Klub açıq şəkildə Gündoğana fədakarlığına və öhdəliyinə görə minnətdarlığını bildirir və ona gələcəkdə həm şəxsi, həm də peşəkar səviyyədə uğurlar arzulayır”, – “Barselona”nın rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.
Öz növbəsində Gündoğan da “Barselona”ya təşəkkürünü bildirib:
“Əziz “kules”, cəmi bir ildən sonra vidalaşmağın vaxtı gəldi. Mən bura yeni, həyəcanverici bir çağırış etmək üçün gəlmişdim və buna hazır idim. Çətin mövsümdə komanda və klub üçün əlimdən gələni etdim, yeni mövsümdə isə komanda yoldaşlarıma kömək etməyi səbirsizliklə gözləyirdim.
İndi çətin vəziyyətdə gedirəm, amma gedişim kluba maddi yardım etsə, o zaman o qədər də üzülməyəcəyəm.
Bununla belə, bu, inanılmaz təcrübələrin, eniş-yoxuşların yaşandığı bir dövr idi – mən həmişə “Barsa”da oynamaq istəmişəm və həyatımın sonuna qədər xatırlayacağım xatirələrə və təcrübələrə görə çox minnətdaram. Bu mövsüm və gələcək üçün hamınıza uğurlar diləyirəm. Azarkeşlər bu böyük klubun dünyanın ən yaxşı klubları sırasına qayıtmasına layiqdirlər”, – Gündoğan özünün “X” sosial şəbəkə hesabı üzərindən dərc edib.
“Mançester Siti”yə qayıda bilmək çox şey deməkdir”
Həmçinin Günodan “şəhərlilər”in düşərgəsinə qayıdışı ilə bağlı danışıb:
“Mançester Siti”də keçirdiyim yeddi il mənim üçün həm meydanda, həm də meydandan kənarda tam məmnunluq dövrü idi. Mən bir insan və oyunçu kimi tərəqqi etdim, “Siti” azarkeşləri ilə xüsusi münasibət qurdum və heyrətamiz uğurlar qazandım. Həyatımda müstəsna bir dövr idi.
Bura qayıda bilmək çox şey deməkdir. “Pep”ə (Xosep Qvardiola) nə qədər hörmət etdiyimi hamı bilir. O, dünyanın ən yaxşı çalışdrıcısıdır, onunla hər gün işləmək isə səni daha yaxşı oyunçu edir. Daima bir çağırış hiss edirsən, ixtiyari bir peşəkar üçün bu, tam olaraq istədiyiniz məqamdır. Onunla yenidən işləmək intizarındayam.
“Siti”dəki komanda yoldaşlarım haqqında nə deyə bilərəm… Onlar dünya səviyyəli futbolçulardır. Onlarla birlikdə məşq etmək və oynamaq imkanım olduğu üçün həqiqətən həyəcanlıyam. Düzünü desəm, yenidən “Siti” formasını geyinməyin intizarındayam”, – “Mançester Siti”nin mətbuat xidməti Gündoğandan sitat gətirir.
Xatırladaq ki, İlkay Gündoğan “Barselona”ya 2023-cü ilin iyul ayında “Mançester Siti”dən azad agent qismində keçmişdi. Gündoğanın Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Gündoğan “Barselona”nın heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 5 qol vurub, 14 məhsuldar ötürmə verib.
İlkay 2022/2023-cü illər mövsümündə “Mançester Siti”nin İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atmasında böyük xidmətlər göstərmişdi. Gündoğan uzun illər “şəhərlilər”in kapitanı olub.
İlkay Gündoğan karyerası ərzində “Mançester Siti” və “Barselona”dan başqa “Nürnberq”, “Boxum” və Dortmund “Borussiya”sında çıxış edib.
“Transfermarkt” internet-portalı 33 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


