“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 8-ci turunda “Real”la qarşı keçirəcəkləri Madrid derbisindən söhbət açıb.
Arena.az DAZN şəbəkəsinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu oyunda stadionumuz bizə güc verəcək. Bizə sakit qalmaq, inamlı olmaq, eyni zamanda hücum oyunumuzu da inkişaf etdirmək gərəkdir. Biz müdafiədə yaxşı oynayırıq, amma hücumda da irəli bir addım atmalıyıq”, deyə “Atletiko”nun baş məşqçisi vurğulayıb.
Dieqo Simeone “Real”ın hər iki futbolçusunun sarı vərəqələrindən sonra Endrik və Vinisiusun Madrid derbisində iştirakından danışıb:
“Siz mənim fikrimi soruşursunuz ki, mən sizə məndən eşitmək istədiyinizi söyləyim. Siz artıq hər şeyi demisiniz, artıq heç nə deməyə ehtiyac yoxdur”, deyə argentinalı mütəxəssis vurğulayıb.
Xatırladaq ki, Madrid derbisi sentyabrın 29-da İspaniya La Liqasının 8-ci turu çərçivəsində “döşəkçilər”in “yuvası” “Metropolitano” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
7 turdan sonra “Real” La Liqanın yarış cədvəlində 17 xalla 2-ci pillədə qərarlaşıb. “Atletiko” isə 15 xalla 3-cü pillədədir. La Liqanın zirvəsində 21 xalla “Barselona” yer alıb.


