Türkiyə millisindən qayıdan futbolçuda koronavirus aşkarlandı

Futbol üzrə Türkiyə milli komandasının və Almaniyanın “Fortuna” (Düsseldorf) klubunun hücumçusu Kenan Karamanda koronavirus aşkarlanıb.

Arena.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə, 27 yaşlı futbolçunun millidən qayıtdıqdan sonra verdiyi COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bu üzdən də o, evində karantinə alınıb. Karamanın bazar günü baş tutacaq “Darmştadt”la oyunda komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırılıb.

Bununla da Türkiyə yığmasına koronavirusa yoluxanların sayı 13-ə çatıb. Türkiyə Futbol Federasiyası daha öncə DÇ-2022-nin seçmə mərhələ oyunları üçün milliyə dəvət almış 12 futbolçuda koronavirus aşkarlandığını açıqlamışdı. Onlardan da səkkizinin adı məlumdur. Bunlar İrfancan Kahveci, Nazım Sanqare, Merih Demiral, Zeki Çelik, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz və Emre Kılınçdır.

Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Şenol Güneş DÇ-2022-nin seçmə mərhələsində Niderland, Norveç və Latviya ilə oyunlar üçün öncə 28 futbolçuya dəvət göndərmişdi. Lakin zədəli və koronavirusa yoluxanların sayı artdığı üçün o, daha dörd oyunçunu milli komandaya cəlb etmişdi.

Türkiyə yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Niderlanda 4:2, Norveçə 3:0 qalib gəlsə də, Latviya ilə ev oyununda xal itirib – 3:3. Qardaş ölkənin milli komandası hazırda 7 xalla yer aldığı G qrupunda vahid liderdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: