Abdulla Qədimbəyli: “Risk etdim və səhv nəticəsində uduzdum”

Şahmat üzrə 20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli Dünya Kubokunda ABŞ şahmatçısı Rey Robsona məğlubiyyəti barədə danışıb.

Arena.az xəbər verir ki, mötəbər yarışın 3-cü mərhələsində mübarizəni dayandıran şahmatçımız turnirin rəsmi saytına açıqlamasında taktiki cəhətdən səhv etdiyini bildirib:

“Dünya Kubokunda rəqabət çox güclüdür. Üçüncü mərhələyə vəsiqə qazanan şahmatçılar arasında ən aşağı reytinq mənə məxsus idi. Birinci partiyada Şamsiddin Vahidov, ardınca isə ispan David Quijarronu məğlub etdim. İki mərhələ keçəndən sonra növbəti partiyanın daha çətin olacağını bilirdim.

ABŞ təmsilçisi Rey Robsonla ikinci oyunda səhv variant seçdim. Görünür bu yarış üçün təcrübəm azdır. Birinci oyun heç-heçə başa çatmışdı. İkinci görüşdə də vəziyyət bərabər idi. Gərək heç-heçəyə oynayardım, ardınca isə bacarığımı tay-brekdə sınayardım. Mən bir növ risk etdim və uduzdum. Cavab görüşündə qələbə qazanmaq istəyirdim”.

Abdulla Qədimbəyli Dünya Kubokuna hazırlıq prosesi barədə məlumat verib. O, yarışa beynəlxalq qrossmeyster Nicat Abbasovla hazırlaşdığını qeyd edib: “Ümumiyyətlə əsas məşqçim Cahangir Ağarəhimovdur. Amma bu yarışa Nicat Abbasovla hazırlaşmışam. Məhz Nicatın məsləhətləri sayəsində iki mərhələni uğurla adladım. Eyni zamanda İsmayıl Şahəliyev də məşqçi kimi mütəmadi olaraq mənə kömək edir”.

Azərbaycan şahmatçısı milli komandanın üzvü Şəhriyar Məmmədyarovun yarışla erkən vidalaşmasına heyfsləndiyini söyləyib: “Böyük təəssüf hissi yaşadım. Şəhriyar Dünya Kubokunun favoritlərindən biri idi. Yarışdan əvvəl Məmmədyarovun ən azı yarımfinala qədər irəliləyəcəyini düşünürdüm. Şahmatda hər bir nəticə ola bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaş: