Ançelotti: “Modriç – futbola bir hədiyyədir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın canlı əfsanəsi, xorvat yarımmüdafiəçi Luka Modriç haqda söhbət açıb.

Arena.az məlumat verir ki, Modriç “Real”ın İspaniya La Liqasının 25-ci turu çərçivəsində “Jirona”nı qəbul etdiyi oyunda, “qaymaqlılar”ın 2:0 hesablı qələbəsinə uzaq məsafədən vurduğu möhtəşəm qolla töhfəsini verib.

“Modriç – futbola bir hədiyyədir. O, istədiyi qədər oynamağa davam etməlidir. O, gördüyü işi çox yaxşı icra edir. Bizim, belə bir əfsanə ilə işləməyimiz, böyük uğurdur.

Mənim, 40 yaşına qədər oynamış daha bir oyunçum olub, Paolo Maldini. Onların ikisini də futbolçunun necə olmalı olduğu nöqteyi-nəzərindən müqayisə etmək olar. Genetika əhəmiyyət kəsb edir, amma işə sədaqət və ona münasibət də vacibdir”, – “Marca” nəşri italyan mütəxəsssisdən sitat gətirir.

Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Modriçin İspaniya nəhəngi müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Veteran futbolçu cari mövsümdə “Real” üçün bütün yarışlarda 39 oyun keçirib, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 574 oyun, 43 qol, 92 məhsuldar ötürmə.

Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 184 oyuna çıxıb, 27 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 39 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: