Ançelotti: “UEFA Super Kuboku haqda düşünməliyik”

“Real”ın baş məşqçisi Karlo Ançelotti mövsümöncəsi hazırlıq oyunu çərçivəsində “Çelsi” üzərində qələbəni (2:1) şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, italyan mütəxəssis həmçinin qarşıdakı UEFA Super Kuboku oyunu haqda düşünməyin zamanı gəldiyini vurğulayıb:

“Oyunun tezliyini bəyəndim, biz hücumda yaxşı oynadıq. Belə bir duyğumuz var ki, komanda işinin öhdəsindən yaxşı gəlir. İyulun 15-də hazırlığa başlamışlar yaxşı görünürlər.

Sabah (artıq bu gün, avqustun 8-də – redaktorun qeydi) orada olmayanlar qayıdacaqlar, ayın 9-da isə hamımız “Atalanta” ilə oyunun hazırlığına başlayacağıq. İndi Super Kubok haqqında düşünməyin vaxtıdır”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, “Real” UEFA Super Kubokunda iştirak hüququnu ötən mövsüm Çempionlar Liqasının qalibi olmaqla, “Atalanta” isə ötən mövsün Avropa Liqasının qalibi olmaqla əldə edib.

2023/2024-cü illər mövsümünün Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında UEFA Super Kuboku uğrunda oyun Polşanın paytaxtı Varşavanın “Milli” stadionunda keçiriləcək. Oyun avqustun 14-də baş tutacaq.

Xatırladaq ki, 1973-cü ildə təsis edilmiş UEFA Super Kubokunun ilk qalibi Niderland nəhəngi Amsterdam “Ayaks”ı olub. Kubokun cari sahibi isə “Mançester Siti”dir.

Vurğulayaq ki, “Barselona”, “Real” və “Milan” hər biri 5 dəfə qalibi olmaqla, UEFA Super Kubokunu ən çox qazanmış klublardır. Göründüyü kimi, “kral klubu” qalib olacağı halda mütləq rekord müəyyənləşdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: