Madrid “Atletiko”sunun baş direktoru Migel Anxel Xil İspaniya futbolunun nəhəngi, əzəli rəqibləri “Real”ın hakimlərə təsirindən danışıb.
Arena.az “Marca” nəşrinə istinadən Migel Anxel Xilin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Onlar yarışları saxtalaşdırırlar və hakimlər üçün dözülməz mühit yaradırlar. Onların hakimlərə hücumda vasitə etdikləri dəlillər, o qədər də ciddi və turnirin gedişatına birbaşa təsir edən bir şey olmasaydı, gülməli olardı”, deyə Xil bildirib.
Xatırladaq ki, Migel Anxel Xil Madrid “Atletiko”sunun mərhum rəhbəri, ispan iş adamı və siyasətçi, məşhur Xesus Xilin oğludur.
La Liqanın 7 turundan sonra “Real” 18 xalla çempionatın lideri “Jirona”dan 1 xal geri qalır. “Atletiko” isə 13 xalla 5-ci pillədə qərarlaşıb.
Vurğulayaq ki, 6-cı tur çərçivəsində keçirilmiş oyunda “Real”ı qəbul etmiş “döşəkçilər” əzəli rəqibi “kral klubu”nu gözlənilmədən 3:1 hesabı ilə məğlub ediblər.
Növbəti tur çərçivəsində “Real” sentyabrın 30-da Kataloniyaya – lider “Jirona”nın sınağına yollanacaq. “Atletiko” isə oktyabrın 1-də “Kadis”i qəbul edəcək.


