“Atletiko”da Koke bir ayrlıq sıradan çıxdı

İspaniyanın “Atletiko” (Madrid) klubunun kapitanı, mərkəz yarımmüdafiəçisi Koke təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kokenin son məşqlərin birində sıradan çıxdığı bildirilir. Yarımmüdafiəçi sağ ayağından əzələ zədəsi alıb. Onun bərpa müddəti açıqlanmayıb. İspaniya mətbuatında yazılanlara görə, kapitan martın sonuna qədər meydana çıxmayacaq.

Xatırladaq ki, Koke “Atletiko”nun öz yetirməsidir. O, 2008/2009 mövsümündə bu klubun gənclər komandasında debüt edib, 2010/2011 mövsümündə isə əsas komandaya cəlb edilib. Futbolçu bütün karyerasını yalnız Madrid “Atletiko”suna həsr edib.

Ümumilikdə o, “döşəkçilər”in heyətində 672 oyun keçirib ki, bu da klub tarixində rekord göstəricidir. Yarımmüdafiəçi bu oyunlarda 48 qol vurub, 119 məhsuldar ötürmə müəllifi olub. Cari mövsümdə isə ispan futbolçu 35 oyunda meydana çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Koke “Atletiko” ilə bütövlükdə 8 qənimət qazanıb: 2 İspaniya La Liqası (2013/2014, 2020/2021), İspaniya Kral Kuboku (2012/2013), İspaniya Super Kuboku (2013/2014), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 UEFA Super Kuboku (2011/2012, 2017/2018).

Yarımmüdafiəçi 2013-cü ilin avqust ayında debüt etdyi İspaniya yığma komandasının heyətində 70 oyun keçirib. O, bu görüşlərdə 8 məhsuldar ötürmə verib. İspan yarımmüdafiəçi “qırmızı qəzəb”in U-21 yığması ilə 2013-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet portalı 33 yaşlı Kokeni 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: