Avropada yeni Super Liqa yaradıldıldığı rəsmən açıqlandı

Avropanın 12 futbol klubu Super Liqanın yaradıldığını rəsmən bəyan ediblər.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.

Yeni Super Liqanın ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.

Turnirdə 20 komanda iştirak edəcək. Bunlardan 15-i təşkilatçı klublardan ibarət daimi iştirakçı olacaq. Digər 5 komanda isə illik performansına uyğun qonaq kimi dəvət olunacaq. Avqustda başlayacaq yeni Super Liqada komandalar iki qrupa bölünəcək. Hər qrupda 10 komanda yer alacaq. İştirakçılar ev-səfər prinsipi ilə dairəvi sistemlə üz-üzə gələcəklər. Qruplarda ilk üç yeri tutan komandalar birbaşa 1/4 finala yüksələcəklər. 4-5-ci yerləri tutanlar isə bunun üçün pley-off qarşılaşmalarında üz-üzə gələcəklər. Turnirin final mərhələsi may ayında təşkil olunacaq. Bu turnirin oyunları həftəiçi təşkil olunacaq ki, komandalar öz milli çempionatlarında da iştirak edə bilsinlər.

Gələcəkdə qadın futbolçulardan ibarət komandalar üçün də oxşar turnirin yaradılacağı elan olunub.

Super Liqanın prezidenti Florentino Peres (“Real”ın prezidenti), vitse-prezidenti Andrea Anyelli (“Yuventus”un prezidenti) ilə Coel Qleyzer (“Mançester Yunayted”in həmsədri) olacaq. Anyelli bununla əlaqədar Avropa Klublar Birliyinin prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü vəzifəsindən istefa verib. Bu məlumatı Turin klubunun mətbuat xidməti də təsdiqləyib.

Avropa Super Liqasının yaradılması qərarı UEFA və FİFA-da narazılığa səbəb olub. Sözügedən qurumlar Avropa Super Liqasına qatılacaq klubların həm yerli turnirlərə, həm də UEFA və FİFA bayrağı altında təşkil olunan yarışlara buraxılmayacağını bəyan ediblər. Hətta bu klubların formasını geyinən futbolçuların ölkələrinin milli komandasında oynamasına da qadağa qoyulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: