“Barselona”nın alman qapıçısı Mark-Andre ter Ştegen 2024/2025-ci illər mövsümündə “blauqrana”nın kapitanı olacaq.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Kataloniya komandasında müvafiq qərar, “blauqrana”nın yetirməsi Serci Robertonun komandanın düşərgəsini tərk etməsindən sonra qəbul edilib.
Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro müqabilində “Barselona”ya keçib.
2023/2024 mövsümündə Ter Ştegen “Barselona”nın heyətində bütün yarışlarda 36 oyuna 37 qol buraxıb, 17 oyunda isə qapısının toxunulmazlığını təmin edə bilib. Alman qapıçı “Barselona”nın heyətində ümumilikdə 413 oyun keçirib, 405 qol “yeyib” və 174 oyundan “quru” qurtulub.
Ter Ştegen “Barselona” ilə 5 dəfə İspaniya Liqasının, 5 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Mark-Andre ter Ştegen 2012-ci ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 40 oyuna 48qol buraxıb, 12 “quru” oyun keçirib. Ter Ştegen Almaniya yığması ilə 2017 Konfederasiyalar Kubokunun qalibi, həmçinin U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı alman qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.


