Avropa Liqasının 1/4 finalında “Vest Hem”ə qarşı cavab oyunu Almaniya çempionu “Bayer” üçün ikiqat əlamətdar olub.
Arena.az xatırladır ki, Almaniya təmsilçisi ilk oyunda Leverkuzendə 2:0 hesabı ilə məğlub etdiyi “Vest Hem”lə Londonda 1:1 hesablı heç-heçə sayəsində Avropa Liqasının yarımfinalına adlayıb.
Eyni zamanda “əczaçılar” böyük futbol beşliyi ölkələrinin klubları arasında ən uzun məğlubiyyətsizlik silsiləsini müəyyənləşdiriblər. Xabi Alonsonun çalışdırdığı kollektiv ardıcıl 44-cü dəfə meydanı məğlub olmadan tərk edib.
Xatırladaq ki, əvvəlki rekord “Yuventus”a məxsus idi. “Qoca sinyora” 2011/2012 mövsümndə ardıcıl 43 oyunda məğlub olmamışdı.
Xabi Alonsonun komandası erkən surətdə Almaniya Bundesliqasının cari mövsüm çempionu olub. Leverkuzen təmsilçisi çempionatın başa çatmasına 5 tur qalmış yarış cədvəlində 1-ci yeri təmin edib. Bu, “Bayer”in tarixindəki ilk çempionluqdur.
Bundan əlavə, “əczaçılar” Almaniya Kubokunun finalına yüksəliblər və burada İkinci Bundesliqada çıxış edən “Kayzerslautern”lə oynayacaqlar. Final oyunu mayın 25-də Berlinin “Olimpiaştadion” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Yeri gəlmişkən, 29 ildən sonra Almaniyanın üç futbol komandası birlikdə avrokuboklarda yarımfinala yüksəlib. “Bayer” Avropa Liqasında bu mərhələyə adlayıbsa, bu ölkənin digər təmsilçiləri “Bayern” və “Borussiya” (Dortmund) da UEFA Çempionlar Liqasında oxşar uğura imza atıb.
Sonuncu dəfə bu hadisə 1994/1995 mövsümündə yaşanıb. Həmin vaxt Almaniyanın üç komandası avrokubokların yarımfinalında oynayıb.
Xatırladaq ki, Dortmund “Borussiya”sı ÇL-in finalına vəsiqə uğrunda PSJ (Fransa), “Bayern” isə “Real”la (İspaniya) mübarizə aparacaq.