Cafet Tanqanqa icarədən qayıtdı, icarəyə verildi

Bu mövsümün əvvəlində Almaniyanın “Auqsburq” klubuna icarəyə verilmiş müdafiəçi Cafet Tanqanqa “Tottenhem”ə qayıdıb.

Arena.az xəbər verir ki, buna onun Bundesliqa klubunda forma şansı qazana bilməməsi səbəb olub.

Bu üzdən də tərəflər icarə müqaviləsinə vaxtından əvvəl xitam veriblər. Tanqanqanı geri qaytaran “Tottenhem” onu yeni müştəri də tapıb. Belə ki, London klubu gənc müdafiəçisini Çempionşip təmsilçisi “Milluol”a icarəyə verib. O, bu mövsümün sonuna kimi sözügedən klubun formasını geyinəcək.

“Milluol” hazırda Çempionşipdə turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. 27 turdan sonra bu komandanın hesabında 32 xal var.

Xatırladaq ki, Cafet Tanqanqa “Tottenhem”in öz yetirməsidir. 24 yaşlı futbolçu “mahmızlar”ın əsas komandasında 50 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. İngilis mərkəz müdafiəçisi ölkəsinin əksər aşağı yaş qrupları üzrə yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Yeri gəlmişkən, “Auqsburq” da iki futbolçusunu icarəyə göndərib. Bundesliqa təmsilçisi mərkəz hücumçusu İrvin Kardonanı “Sent Etyen”ə, sol cinah vingeri Masaya Okuqavanı isə “Hamburq”a icarəyə verib. Onların hər ikisi bu mövsümün sonuna kimi icarədə olacaqlar. Kardonadan fərqli olaraq, Okuqavanın müqaviləsində satınalma şərti də var.

İrvin Kardona 2023-cü ilin yanvar ayından formasını geyindiyi “Auqsburq”da cəmi 13 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Fransadan olan 26 yaşlı futbolçu “Brest”, “Serkl Brügge” və “Monako” kimi klublarda da forma geyinib.

Masaya Okuqava isə “Auqsburq”a 2023-cü ilin yayında gəlmişdi və bu komandada cəmi 2 matça çıxıb. Yaponiyadan olan 27 yaşlı vinger “Arminiya” (Bilefeld), “Liferinq”, “Zalsburq”, “Mattersburq”, “Holştayn Kil”, “Kyoto Sanqa” kimi klubların da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: