İspaniyanın qadınlardan ibarət yığma komandasının yeni baş məşqçisi Montse Tome təlim-məşq toplanışı elan edib.
Arena.az bu barədə İspaniya Kral Futbol Federasiyasına (RFEF) istinadən məlumat verir.
İspaniya yığmasının təlim-məşq toplanışı komandanın İsveç və İsveçrə yığmaları ilə UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunlarına hazırlıq məqsədi daşıyır. Oyunların sentyabrın 22-də və 26-da keçirilməsi nəzərdə tutulub. Vurğulayaq ki, 23 dünya çempionundan yalnız 15-i yekun siyahıda yer alıb.
Xatırladaq ki, İspaniya yığması avqustun 20-də qadınlar arasında dünya çempionatının finalında İngiltərə yığmasını 1:0 hesabı ilə məğlub etmişdi.
İspaniya Kral Futbol Federasiyasının sabiq rəhbəri Luis Rubialesin öpüşü ilə bağlı qalmaqalda əsas fiqur – yarımmüdafiəçi Cennifer Ermoso təlim-məşq toplanışından kənarda qalıb.
Ermosonun yığmadan kənarda qalmasının əsas səbəbinin bu öpüş qalmaqalı və ya digər bir səbəb olması haqda dəqiq məlumat verilməyib.
Xatırladaq ki, avqustun sonunda Ermoso və komandanın 80 digər oyunçusu və sabiq futbolçusu, o cümlədən 2023-cü ilin bütün dünya çempionları “həm idman və həm də struktur üzrə gerçək dəyişiklikləi” tələbi ilə birgə bəyanat imzalayıblar. Onlar İspaniya Kral Futbol Federasiyasının bu xüsusda müvafiq qərarlar verənə qədər yığma komandadan getdiklərini elan ediblər.


