“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 19-cu turunda “döşəkçilərin” “Jirona”ya səfər məğlubiyyətini (3:4) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir.
Xatırladaq ki, madridlilər həlledici topu əsas vaxta əlavə edilmiş ilk təzminat dəqiqəsində (90+1) buraxıblar.
“Mən həmişə müsbət tərəfə baxıram, çox yaxşı başlamadıq. Onlar 30 dəqiqə ərzində daha yaxşı idilər. Hücum edəndə qollar gəldi, təhlükə vardı, hesabı bərabərləşdirə bildik və ikinci hissəni əla keçirdik. Çox səy göstərdik, bu, dəyişikliklərə səbəb oldu, çünki oyunçuların çox yorğun olduğunu gördüm. Geriyə yalnız “Jirona”nı təbrik etmək qalır. Bu əzmlə hər şey onlar üçün çox yaxşı olacaq”, deyə Dieqo Simeone bildirib.
Vurğulayaq ki, oyundan əvvəl verdiyi müsahibəsində də Simeone “Jirona”dan ehtiyatlandığını başa düşməyə əsas vermişdi.
19 turdan sonra “Jirona” 48 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Atletiko” isə 38 xalla 3-cü pillədədir. 48 xal toplamış “Real” çempionatın lideridir. İspaniya nəhəngi “Jirona”nı daha yaxşı top fərqinə görə qabaqlayır.


