İspaniyanın “Espanyol” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi “Almeriya”dan Fernando Paçekonu, Xixon “Sportinq”indən isə Xose Qraqeranı transfer edib.
Klub Paçekonun transferi üçün 2.2, Qraqeranın keçidi üçün isə 2.8 milyon avro ödəyib. Paçeko ilə müqavilə 2026-cı, Qraqera ilə sözləşmə 2028-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.
Fernando Paçeko Madrid “Real”ının yetirməsidir. İspaniyadan olan 30 yaşlı qapıçı uzun müddət “Alaves”in uğurları üçün çalışdıqdan sonra bu mövsümün əvvəlində “Almeriya”ya keçmişdi. Amma o, bu komandada cəmi 1 matça çıxıb. Təcrübəli qapıçı vaxtilə İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
Xose Qraqera isə “Sportinq”in öz yetirməsidir. 22 yaşlı ispan yarımmüdafiəçi bu klubun əsas komandasında 96 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib. O, İspaniyanın U-19 və U-21 yığmalarında da oynayıb.
Espanyollular “Selta”nın yarımmüdafiəçisi Denis Suaresi də icarəyə götürüblər. 29 yaşlı ispan futbolçu bu mövsümün sonuna kimi elita təmsilçisinin uğurları üçün çalışacaq. La Liqa klubu 6 aylıq icarə üçün 200 min avro ödəyəcək.
“Selta”nın yetirməsi olan Denis Suares 2011-ci ildə İngiltərənin “Mançester Siti” klubuna transfer olunsa da, bu komandada cəmi 2 matça çıxıb. “Barselona”da da oynamış futbolçu, “Sevilya”, “Vilyarreal” və “Arsenal”ın uğurları üçün çalışdıqdans sonra 2019-cu ildə “Selta”ya qayıdıb. O, bu komandada meydana çıxdığı 105 oyunda 5 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub. Suares İspaniya millisində də 1 oyun keçirib.
“Espanyol” öz yarımmüdafiəçisi Pol Losanonu isə “Qranada”ya icarəyə verib. 23 yaşlı ispan futbolçu ötən mövsüm “Jirona”da da icarədə oynayıb. Doğma komandasında 46 oyun keçirmiş dayaq yarımmüdafiəçisi, İspaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında da forma geyinib.
Yeri gəlmişkən, Paçekonu satan “Almeriya” da yarımmüdafiəçisi Gi Gedesi “Luqo”ya icarəyə verib. Portuqaliyadan olan 20 yaşlı futbolçu bu mövsümün sonunadək aşağı liqa təmsilçisində forma geyinəcək. “Vitoriya Gimaraynş”ın yetirməsi 2022-ci ildən “Almeriya”da çıxış edir.


