İsmael Saybari 50 milyon avroya “Bayern”də

Futbol üzrə Mərakeş millisinin və PSV-nin hücumameyilli yarımmüdafiəçisi İsmael Saybari bundan sonra “Bayern”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya nəhənginin rəsmi saytına istinadən xəbər verir.

25 yaşlı futbolçu Niderland çempionu PSV-dən 50 milyon avro müqabilində Münhen təmsilçisinə keçib. Tərəflər arasında imzalanan müqavilə 2031-ci il iyunun 30-na qədər nəzərdə tutulub. Səybari yeni komandasında 34 nömrəli formanı geyinəcək.

Mərakeşli yarımmüdafiəçi ötən mövsüm PSV-nin əsas simalarından biri olub. O, bütün turnirlərdə meydana çıxdığı 37 oyunda 19 qol vurub, 9 məhsuldar ötürmə verib.

İsmael Saybari hazırda Mərakeş millisinin heyətində DÇ-2026-da çıxışını davam etdirir. O, mundialda keçirdiyi 4 matçda 3 qol vuraraq komandasının 1/8 finala yüksəlməsində mühüm rol oynayıb.

Transferdən sonra klubun rəsmi saytına danışan futbolçu “Bayern”ə keçidin uşaqlıq arzusunun gerçəkləşməsi olduğunu bildirib:

“Uşaqlıqda hər kəs “Bayern” kimi kluba transfer olunmağı arzulayır. Hamı bilir ki, bu, dünyanın ən böyük klublarından biridir. “Bayern” hər mövsüm Çempionlar Liqası da daxil olmaqla bütün nüfuzlu titullar uğrunda mübarizə aparır və mən də burada mümkün qədər çox kubok qazanmaq istəyirəm”.

Saybari Münhen təmsilçisinin oyun üslubunun ona uyğun olduğunu da vurğulayıb:

“Komandanın futbol fəlsəfəsi mənim oyun tərzimə tam uyğundur. Burada öz keyfiyyətlərimi ən yaxşı şəkildə göstərə bilərəm. Hər gün çox çalışaraq komandaya fayda vermək istəyirəm. Qərarımda baş məşqçi Vensan Kompaninin də böyük rolu oldu. Onunla işləməyi səbirsizliklə gözləyirəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: