İspaniya La Liqasının 8-ci turunda Madrid “Atletiko”su ilə səfər oyunu “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, italyan mütəxəssisin çalışdırdığı “qaymaqlılar” Madrid derbisində 1:1 hesablı heç-heçə oynamaqla, ardıcıl 40-cı dəfə La Liqa çərçivəsində meydanı məğlub olmadan tərk ediblər.
65 yaşlı Karlo Ançelotti İspaniya çempionatları tarixində ardıcıl 40 oyunu məğlubiyyətsiz başa vurmuş ilk mütəxəssi olaraq, adını futbol salnaməsinə yazıb.
8 turdan sonra “Real” İspaniya La Liqasının yarış cədvəlində 18 xalla 2-ci pillədə qərarlaşıb. La Liqanın zirvəsində 8 oyundan 21 xal toplamış “Barselona” dayanıb.
Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.
Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.
Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.


