“Real”ın baş məşqçisi Karlo Ançelotti klubun yay transfer pəncərəsinin qalan hissəsi ərzində heç bir transfer etməyəcəyini bildirib.
Arena.az xəbər verir ki, italyan mütəxəssis komandasının tam heyətlə təmin edildiyinə əmindir.
Cari yay transfer pəncərəsinin qalan müddəti ərzində “qaymaqlılar”ın hər hansı mümkün transferinə dair sualı Ançelotti qətiyyətli təkziblə cavablayıb:
“Xeyr, Mümkün deyil. Yüz faiz yox. Biz bazarda işimizi bitirmişik, “Real”da yeni oyunçular olmayacaq. Heyət tamamlanıb”.
Bu yay “Real” Dortmund “Borussiya”sından ingilis yarımmüdafiəçi Cud Bellingemi, “Fənərbaxça”dan türk yarımmüdafiəçi Arda Güləri, “Rayo Valyekano”dan ispan müdafiəçi Fransisko Qarsiyanı və “Çelsi”nin ispan qapıçısı Kepa Arrisabalaqanı heyətinə qatıb.
Komandanı Marko Asensio və Kərim Benzema tərk ediblər.
Xatırladaq ki, daha əvvəl “Kral klubu”nun parislilərlə gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləməkdən imtina edən PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappeni heyətinə qatmaq istəyi haqda məlumat yayılmışdı. Bütün yay transfer pəncərəsi boyu dolaşan bu qəbildən olan xəbərlər, sonradan öz təsdiqini tapmayıb.
Ançelotti həmçinin komandanın yeni transferi, gənc ingilis yarımmüdafiəçi Cud Bellingemin oyunu haqda ağızdolusu danışıb:
“Biz düşünürük ki, Bellingemlə müqavilə imzalamaq Kərimin (Benzema) yoxluğunu təzmin edəcək. O, ciddi, yetkin və çox istedadlı oğlandır. Onun etdikləri bizi təəccübləndirmir. Təəccüblüdür ki, onun cəmi 20 yaşı var”.
Xatırladaq ki, “Real” İspaniya çempionatının yeni mövsümünə iki səfər qələbəsi ilə başlayıb. “Kral klubu” 1-ci turda Bilbao “Atletik”inə qalib gəlib (2:0), 2-ci turda isə “Almeriya”nı məğlub edib (3:1).
“Real”ı avqustun 25-də 3-cü tur çərçivəsində səfərdə “Selta” sınağı gözləyir.


