İspaniyanın “Real” klubu baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəlib.
Arena.az bu barədə Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
İtaliyadan olan 64 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Xatırladaq ki, son aylarda Karlo Ançelottinin “Real”la müqaviləsinin müddəti bitəndən sonra Braziliya milli komandasının sükanı arxasına keçəcəyi barədə xəbərlər dolaşırdı. Hətta Braziliya Futbol Federasiyasının rəsmiləri də onun bu ölkənin millisini çalışdıracağı barədə inamlı açıqlamalar vermişdilər. Lakin görünür “Real” rəhbərliyi Ançelottini komandada saxlamağa razı sala bilib.
Karlo Ançelotti 2021-ci ilin iyul ayından “Real”ı çalışdırır. İtalyan mütəxəssisin 2013-2015-ci illər aralığında da Madrid təmsilçisinə rəhbərlik edib. İtaliyalı baş məşqçi bu komandada olduğu beş mövsümdə 10 titul qazanıb. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), UEFA Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.
64 yaşlı Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçib. İtalyan mütəxəssin təsis edib çalışdırdığı kollektivlər həmişə kamil oyunu və iddiaları ilə seçiliblər.
Ançelottinin “Real”ı bu mövsüm İspaniya La Liqasında 18 turdan sonra 45 xalla zirvədə qərarlaşıb. İkinci pillədəki “Jirona”nın da bir o qədər xalı var. Madrid “Atletiko”su və “Barselona” isə 38 xal toplayıblar.


