Karvaxal: “Vinisiusun “Qızıl top”u qazanmağa bütün imkanları var”

“Real”ın futbolçusu Daniel Karvaxal komanda yoldaşı, braziliyalı hücumçu Vinisius Juniorun bu il “Qızıl top”u qazanacağına inanır.

Arena.az ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, “Vini”nin “Qızıl top”u qazanmaq imkanı ən yüksəkdir. Bəli, o, zədələndi və üç ayı buraxdı, amma yenə də çoxlu qollar vurdu və “Real”ın qələbə qazanmasına kömək etdi. O, La Liqa və Çempionlar Liqasındakı uğurumuzda həlledici rol oynayıb. O, ya da Cud (Bellingem) qalib gələ bilər”, deyə Karvaxal bildirib.

Xatırladaq ki, Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 24 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 264 oyun, 83 qol, 75 məhsuldar ötürmə.

“Vinni” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 28 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.