PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Kubokunun 1/4 finalında “Bryoşen” üzərində 7:0 hesablı səfər qələbəsini şərh edib.
Arena.az “Ekip” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Mənim hər şey xoşuma gəldi, tamamilə hər şeyi bəyəndim. Mən, bu mərhələyə qədər gözəl yol keçmiş rəqibi təbrik etmək istəyirəm. Biz çox yaxşı səviyyədə oynadıq, istədiyimiz hər şeyi edə bildik: bəzilərinə oyun vaxtı verdik, digərlərinə istirahət üçün imkan yaratdıq. Biz öz tapşırığımızı icra etdik – əla oyun keçirərək, yarımfinala çıxdıq. Bu komanda rəqibindən asılı olmayaraq, həzz yaşayır, oyundan zövq alır.
“Bryoşen” birinci hissədə yaxşı müdafiə olunurdu, amma sona oyunçular yoruldular və biz topu hücumçularımıza daha yaxşı çatdırmağa başladıq. İkinci hissədə isə hücumçularımıza topsuz qaçmaq çox ağır idi, əgər ot örtüyü daha da bərbad olsaydı, bu, oyunun yavaşladar, bizə isə çətin olardı”, deyə Luis Enrike bildirib.
Xatırladaq ki, PSJ Fransa Kubokunun cari qalibidir.


