Futbol üzrə Serbiya millisinin və “Fiorentina”nın hücumçusu Luka Yoviç A Seriyasının daha iddialı təmsilçisi “Milan”a keçib.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu azad agent kimi keçdiyi yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.
Luka Yoviç “Fiorentina”ya ötən ilin yayında Madrid “Real”ından azad agent kimi keçmişdi. O, Florensiya klubunda 50 oyuna 13 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Hücumçu daha öncə “Real”, “Ayntraxt”, “Srvena Zvezda”, “Benfika” kimi klublarda da forma geyinib, Serbiya yığmasında 30 oyuna 10 qol vurub.
İtaliyalı yarımmüdafiəçisi Marko Benassi də “Fiorentina”dan ayrılıb. 28 yaşlı futbolçu Florensiya klubunu azad agent kimi tərk edib və hələ özünə yeni iş yeri tapmayıb. O, 2017-ci ildən formasını geyindiyi bu komandada 106 oyuna 17 qol vurub, 5 assist müəllifi olub. Yarımmüdafiəçi “Torino”, “Livorno”, “Kremoneze”, “İnter” və “Empoli”də də forma geyinib.
Əvəzində “Fiorentina” “Sassuolo”nun yarımmüdafiəçisi Maksim Lopesi icarəyə götürüb. 25 yaşlı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə Florensiya klubuna keçib. “Sassuolo”da 101 oyuna 4 qol və 2 məhsuldar ötürmə müəllifi olmuş fransız futbolçu daha öncə yetirməsi olduğu Marsel “Olimpik”ində də forma geyinib.
Yoviçi heyətinə qatan “Milan” da iki futbolçunu icarəyə göndərib. Seneqal yığmasının da üzvü olan 26 yaşlı sol cinah müdafiəçisi Fode Ballo Ture “Fulhem”ə keçib. 21 yaşlı italyan hücumçu Lorenso Kolombo isə “Montsa”da oynamağa qərar verib. Hər iki oyunçu bir mövsümlük icarəyə verilib.
Yeri gəlmişkən, A Seriyasında çıxış edən “Montsa”da da ayrılıqlar qeydə alınıb. 28 yaşlı italyan hücumçu Andrea Petanya icarə əsasında “Kalyari”yə keçib. Bolqarıstandan olan mərkəz müdafiəçisi Valentin Antov (22 yaş) “Kremoneze”də oynamağa qərar verib. “Montsa” 30 yaşlı italyan sağ cinah müdafiəçisi Mario Samprisini də “Recciana” klubuna icarəyə göndərib.
İtaliya klubu dayaq yarımmüdafiəçisi Andrea Barberislə mərkəz yarımmüdafiəçisi Mattia Valotini də “Piza”ya icarəyə verib. 29 yaşda olan futbolçuların icarə müddəti mövsümün sonuna qədərdir.


