La Liqada mübarizə aparan Madrid “Atletiko”su ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunda ilk dəfə böyük fərqlə məğlub olub.
Arena.az xəbər verir ki, bu, İspaniya La Liqasının 29-cu turu çərçivəsində ötən gecə keçirilmiş “Barselona” ilə oyuna təsadüf edib.
Madriddə baş tutan görüşdə qonaqlar 3:0 hesablı qələbə qazanıblar. 2017/2018 mövsümündən rəqiblərini “Metropolitano”da qəbul edən Dieqo Simeonenin kollektivi birinci dəfə fərqlənmədən öz qapısından 3 qol buraxıb.
Eyni zamanda “Atletiko”nun evdə 25 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub. Komanda 2023-cü ilin yanvarından bəri birinci dəfə doğma arenasında azarkeşlərini məyus edib. Son 25 qarşılaşmanın 23-də qələbə qazanan paytaxt təmsilçisi 2 matçda bərabərliklə kifayətlənib. “Atletiko” öz meydanında sonuncu dəfə 2023-cü ilin yanvarında məhz “Barselona”ya (0:1) uduzmuşdu.
Xatırladaq ki, bu nəticədən sonra “Barselona” La Liqanın yarış cədvəlində 64 xalla 2-ci pillədə qərarlaşıb. Madrid “Atletiko”su isə 55 xalla 5-ci pillədədir. La Liqaya 72 xalla “Real” başçılıq edir.