PSJ-nin mərkəz müdafiəçisi və kapitanı Markinyos Fransa Liqa 1-nin 11-ci turunda “Monpelye” ilə oyunda (3:0) rekorda imza atıb.
Arena.az məlumat verir ki, braziliyalı futbolçu PSJ-nin heyətində keçirdiyi oyunlarda 300-cü qələbəsinə nail olub.
Müvafiq nəticəsi ilə o, klub tarixində bu göstəriciyə çatmış ilk futbolçudur. Mərkəz müdafiəçisi olan Markinyos eyni peşəkarlıqla dayaq yarımmüdafiəçisi mövqeyində sərbəst çıxış etməsilə diqqət çəkir.
Markinyos PSJ-yə 2013-cü ilin iyulunda 31,40 milyon avro müqabilində “Roma”dan keçib. Braziliyalı müdafiəçinin parislilərlə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə futbolçu PSJ-nin heyətində 12 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Markinyosun Fransa nəhənginin heyətində ümumi statistikası isə belədir: 419 oyun, 38 qol, 10 məhsuldar ötürmə.
Braziliyalı oyunçu PSJ ilə 8 dəfə Fransa Liqa 1-in, 6 dəfə Fransa Kubokunun, 6 dəfə Fransa Liqa Kubokunun, 7 dəfə Fransa Super Kubokunun qalibi, həmçinin 2019/2020 mövsümü Çempionlar Liqasının finalçısı olub.
Markinyos 2013-cü ilin noyabrında debüt etdiyi Braziliya millisinin heyətində 82 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2016-cı il Rio-de-Janeyro Olimpiadasınını qalibi olub, həmçinin, 2019 Amerika Kubokunu qazanıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı Markinyosu 65 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, PSJ bu mövsüm Liqa 1-də keçirdiyi 11 oyunda 7 qələbə qazanıb, 3 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Markinyosun kapitanı olduğu komanda 24 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Parislilər lider “Nitsa”dan 1 xal geri qalırlar.


