Mattiya Perin “Yuventus”la yeni müqaviləyə imza atdı

Futbol üzrə İtaliya yığmasının və “Yuventus” klubunun qapıçısı Mattiya Perin Turin təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə A Seriyası nəhənginin rəsmi saytına istinadən xəbər verir.

31 yaşlı qolkiper daha 3 il “qoca sinyora”nın şərəfini qoruyacaq. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda bitəcəkdi. Amma yeni müqaviləyə əsasən, Perin 2027-ci ilin 30 iyununa kimi Turin klubunun uğurları üçün çalışmağa davam edəcək.

Qeyd edək ki, Mattiya Perin “Cenoa”nın yetirməsi hesab olunur. Bu klubda olarkən “Padova” və “Peskara”da da icarədə oynamış italiyalı qolkiper 2018-ci ilin iyul ayında 16,3 milyon avro müqabilində “Yuventus”a keçib. O, cari mövsüm Turin klubunun heyətində 4 oyunda meydana çıxıb. Perin “Yuventus”da indiyə qədər keçirdiyi 51 oyunda 43 qol buraxıb, 24 matçda qapısını toxunulmaz saxlayıb.

“Yuventus”da daha çox ehtiyat qapıçı olan Perin, bu klubla 2 dəfə (2018/2019 və 2019/2020 mövsümlərində) İtaliya çempionu olub. O, Turin təmsilçisi ilə bir dəfə İtaliya Kubokunu (2023/2024), bir dəfə də İtaliya Super Kubokunu (2018/2019) qazanıb.

Mattiya Perin İtaliyanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2014-cü ildə əsas millidə də debüt edib. Amma yığmada da əsas heyət üzvünə çevrilə bilməmiş 31 yaşlı qapıçı indiyə qədər cəmi 2 matçla kifayətlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı italiyalı qapıçının transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: