Mikel Arteta “Arsenal”ı tərk etməyə hazırlaşır?

İngiltərənin “Arsenal” komandasının baş məşqçisi, ispan mütəxəssis Mikel Arteta cari mövsümün sonunda “topçular”dan ayrıla bilər.

Arena.az məlumat verir ki, mövsümün sonunda Yurgen Klopp və Xavinin müvafiq olaraq “Liverpul” və “Barselona”dan ayrılacaqları mənzərəsində daha bir xəbər gündəm olub.

Mətbuatda Artetanın da mövsümün sonunda “topçular”dan ayrılacağı haqda xəbərlər yayılıb. İspaniyanın “Sport.es” dərgisi bu iddia ilə çıxış edib ki, Arteta mövsümün sonunda London klubundan ayrılması seçimini nəzərdən keçirir. Dərgi məlumat verib ki, o, bir neçə gün əvvəl ətrafına bu barədə xəbərdarlıq da edib.

Mənbənin məlumatına görə, Artetanın “topçular”la 2025-ci ilin iyun ayının sonuna qədər müqaviləsi olsa da, ötən illərdə və xüsusən də son mövsümdə yaşanan gərginlik, deyəsən, məşqçiyə öz təsirini göstərib. Bildirilir ki, London klubunun rəhbərliyi ilə yaxşı münasibəti ispan mütəxəssisə mövsüm bitdikdən sonra qarşılıqlı razılıq əsasında mümkün gediş üçün danışıqlar aparmağa imkan verəcək. Arteta artıq bu barədə ətrafını da məlumatlandırıb.

Vurğulanır ki, hazırda ispan mütəxəssis hələ də bu mövsümün son dövrünün “Arsenal” üçün necə inkişaf edəcəyini görməyi nəzərdə tutub.

İspan dərgisinin bu məlumatına qarşı qoyulacaq xəbər isə “Sky Sport” dərgisi tərəfindən yayılıb.

Mənbənin məlumatına görə, Arteta London klubunu tərk etmək fikrində deyil. Dərgi iddia edir ki, şayiələrə rəğmən, ispan mütəxəssis həqiqətən də “topçular”ın düşərgəsində qalacaq.

Üstəlik, bu şayiələr mənzərəsində mətbuat Mikel Artetanı “Barselona”nın baş məşqçisi, cari mövsümn sonunda “blauqrana”dan ayrılacağını bəyan etmiş Xavinin yerinə artıq “təyin edib”.

Mikel Arteta “Arsenal”ın 2019-cu ilin dekabırndan çalışdırır. Bu müddətdə Arteta “topçular”ı dirçəldib və rəqabətəqadir, tərəqqi etməkdə olan kollektivə çevirə bilib.

Artetanın rəhbərliyi altında “Arsenal” 2019/2020 mövsümü İngiltərə Kubokunu və 2 dəfə İngiltərə Super Kubokunu (2020, 2023) qazanıb.

Hazırda “Arsenal” İngiltərə Premyer Liqasında 21 oyundan 43 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Premyer Liqaya 48 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: