Nasser Əl-Xelaifi: “PSJ üçün oynamaq istəməyən getməlidir”

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandasının baş məşqçisi Luis Enrikenin rəhbərliyi altında çalışan futbolçuları ilə görüşüb.

Arena.az bu barədə “Alfredo Pedulla” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Əl-Xelaifi komandanın futbolçuları qarşısında on beş dəqiqəlik nitq söyləyib və elə, buradaca parislilərin heyətində oynamaq istəməyənlərə klubu tərk etməyi təklif edib.

“Heç kim klubdan yüksəkdə ola bilməz, hətta mən də və bu formada oynamaq istəməyən hər kəs burada olmamalıdır, getməlidir. Klub Puassidə dünyanın ən yaxşı oyunçu inkişafetdirmə obyektlərini inşa edib, buna görə də beləsinə heç bir bəhanə yoxdur. Bütün diqqətimizi oyuna yönəltməliyik, ondan sonra nəticələr də gələcək, biz gözəl futbol nümayiş etdirə biləcəyik. Azarkeşlərin və klubun dəstəyinə qarşılıqla cavab verməlisiniz”, deyə Nasser Əl-Xelayfi vurğulayıb.

Xatırladaq ki, PSJ prezidenti komandanın fransalı ulduz hücumçusu Kilian Mbappe ətrafında yaranmış vəziyyətdən xüusilə narahatdır. Mbappe hələ də parislilərlə yeni müqavilə imzalamayıb. Cari müqaviləyə əsasən, Mbappe daha bir mövsüm parislilərin heyətində oynamalıdır, amma qarşıdakı 2023/2024 mövsümünün bitməsilə azad agent qismində klubu tərk edə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: