“Olimpiakos”dan 2 transfer – “Qarabağ”a qarşı oynamayacaqlar

Yunanıstanın “Olimpiakos” klubu heyətini daha iki yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Pirey təmilçisi hücumçu Sedrik Bakambu ilə yarımmüdafiəçi Diadi Samassekunu heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Samasseku Almaniyanın “Hoffenhaym” komandasından 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Malidən olan dayaq yarımmüdafiəçisi daha öncə “Liferinq” və “Zalsburq”da da forma geyinib. 26 yaşlı futbolçu 2019-cu ildən formasını geyindiyi “Hoffenhaym”da 86 oyuna çıxıb, 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, Mali yığmasında da 17 oyun keçirib, 1 qol vurub.

Sedrik Bakambu isə Marsel “Olimpik”indən azad agent kimi ayrılıb. O, “Olimpiakos”la 3 illik müqaviləyə imza atıb. 31 yaşlı forvard daha öncə “Soşo”, “Bursaspor”, “Vilyarreal”, “Beijing Guoan” kimi klublarda da forma geyinib. O, Fransa təmsilçisinə bu ilin yanvarında azad agent kimi qoşulmuşdu. Marsel klubunda 24 oyuna çıxan futbolçu, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransada dünyaya göz açmış, bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçu, 2015-ci ildən Konqo Demokratik Respublikası millisinin formasını geyinir. O, bu komandada 40 oyuna 13 qol vurub.

Xatırladaq ki, “Olimpiakos” ötən gün Kolumbiya yığmasının yarımmüdafiəçisi Xames Rodriqeslə də 1 illik müqavilə bağlamışdı. Lakin bu üç futbolçu, Avropa Liqasının qrup mərhələsi üçün sifariş edilməyib. Bu üzdən də onlar “Qarabağ”a qarşı oyunlarda iştirak etməyəcəklər.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.

Yeri gəlmişkən, Diadi Samassekunu Yunanıstan çempionatına göndərən “Hoffenhaym”, digər yarımmüdafiəçisi Marko Yonu “Qroyter”ə, müdafiəçisi Melayro Boqardeni isə “Zvolle”yə icarəyə verib. Hər ikisi 20 yaşda olan futbolçular bu mövsümün sonuna kimi icarədə olacaq. 27 yaşlı yarımmüdafiəçi Florian Qriliç isə “Hoffenhaym”dan birdəfəlik ayrılıb və Niderlandın “Ayaks” klubu ilə 1+2 illik müqaviləyə imza atıb. Almaniyada “Verder”in də formasını geyinmiş avstriyalı futbolçu, 2017-ci ildən çıxış etdiyi “Hoffenhaym”da 151 oyuna 8 qol vurub. O, Avstriya yığmasında da 33 matça çıxıb, 1 qola imza atıb.