Omar Marmuş – Bundesliqada noyabr ayının ən yaxşı oyunçusu!

Frankfurt “Ayntraxt”ının hücumçusu Omar Marmuş Almaniya Bundesliqasında noyabr ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb.

Marmuş ötən ay Almaniya çempionatında 2 qol və 4 məhsuldar ötürmə ilə “ən yaxşı” adına layiq görülüb. O, səsvermədə Nataniel Braun, Florian Virts, Camal Musiala, Dayo Upamekano və Entoni Kaçi kimi futbolçuları qabaqlayıb.

Bu, Omar Marmuşun 2024/2025-ci illər mövsümündəki ikinci oxşar uğurudur. Misirli futbolçu sentyabr ayında da ən yaxşı seçilmişdi. Oktyabr ayının ən yaxşı oyunçusu isə “Bayern”in ingilis hücumçusu Harri Keyn olmuşdu.

Xatırladaq ki, Marmuş hazırda Bundesliqanın bombardirlik yarışında “Bayern”in 14 qol vurmuş hücumçusu Harri Keyndən 1 qol geri qalır.

Omar Marmuş Misirin “Vadi Deqla” klubunun yetirməsidir. Misirli futbolçu Almaniyada “Volfsburq”, “Sankt Pauli” və “Ştutqart” kimi klubların da şərəfini qoruyub. Marmuş “Ayntraxt”a 2023-c ilin iyul ayında “Volfsburq”dan azad agent kimi keçib. 25 yaşlı futbolçunun bu klubla 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Marmuş cari mövsümdə “Ayntraxt”ın heyətində 23 oyuna çıxıb, 18 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Marmuş Frankfurt klubunda bütövlükdə 64 oyun keçirib, 35 qola imza atıb, 18 məhsuldar ötürmə verib.

Omar Marmuş 2021-ci ilin oktyabr ayında debüt etdiyi Misir milli komandasında 35 oyun keçirib. O, bu görüşlərdə 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib. Hücumçu buna qədər də ölkəsinin U-20 və U-23 yığmalarında forma geyinib.

Sonda onu da xatırladaq ki, Marmuş universal hücum oyunçusu hesab olunur. Belə ki, o, həm sağ və sol vinger kimi oynaya bilir, həm də hücumda çıxış etməyi bacarır.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: