“Qarabağ”ın rəqibi “Bayer” özünə məxsus rekordu təkrarladı

“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi olan Almaniyanın “Bayer” komandası öz rekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, Leverkuzen təmsilçisi bunu Bundesliqanın 25-ci turunda “Volfsburq”u doğma meydanda 2:0 hesabı ilə məğlub etməklə reallaşdırıb.

Xabi Alonsonun kollektivi cari mövsüm ölkə çempionatında qələbə sayını 21-ə yüksəldib. Bununla da sözügedən komanda 2001/2002 mövsümündəki göstəricisinə çatıb. Leverkuzenlilər daha bir qələbə təqdirində yeni klub rekorduna imza atacaqlar.

Xatırladaq ki, “Qarabağ”la “Bayer” arasındakı ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Həmin oyunda qalib müəyyənləşməyib – 2:2.

Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.

Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi birbaşa 1/8 finala yüksəlmişdisə, Azərbaycan çempionu qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: