“Mançester Yunayted”in sabiq məşqçisi, holland mütəxəssis Rene Myolensten bu kluba keçməsi gözlənilən Neymar haqqında fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, o, yayılan şayiələrə cavab olaraq braziliyalı ulduzu primadonna adlandırıb.
Myolensten müqayisəli şəkildə danışıb:
“Ola bilər ki, bunlar şayiə və spekulyasiyadır. Mənim bütün bunlara şübhəm var. Neymar – şəksiz, çox yüksək səviyyəli futbolçudur. Ancaq o, həmçinin primadonnadır.
O, heç vaxt Premyer Liqada oynamayıb. İspaniya və Fransada oynamaq isə İngiltərə ilə müqayisədə tamamilə başqadır. Bundan əlavə, onun meydanda ən yaxşı mövqeyi – sol cinahdır. Bu mövqedə isə “Mançester Yunayted”də Markus Raşford var.
Məlum deyil, oyun nöqteyi-nəzərindən Neymardan meydanda hansı töhfəni almaq olar. Ancaq başa düşüləndir ki, kommersiya qazancı əldə edəcəksən, bu isə sahibkarlara xoş gələcək.
Kluba bunu çözmək lazımdır. Ona görə düşünürəm ki, Erik ten Haq kartlarını açımır”.
Rene Myolensten uzun illər “Qırmızı şeytanlar”ın müxtəlif komandalarında məşqçi çalışıb. O, klubun gənclər (2001-2006), ehtiyat (2005-2006) və əsas komandasını (2007-2013) çalışdırıb.
Xatırladaq ki, bir müddət əvvəl Fransa mətbuatında “Mançester Yunayted”in artıq Neymarla danışıqlara başlaması haqqında xəbərlər yayılmışdı. Guya “qırmızı şeytanlar” braziliyalı hücumçunu icarəyə götürmək fikrində olsalar da, PSJ ulduz futbolçunun tam transferində maraqlıdır.
Neymar 2017-ci ilin avqustunda 222 milyon avro qarşılığında İspaniyanın “Barselona” klubundan PSJ-yə keçib. 31 yaşlı hücumçu Paris təmsilçisində 173 oyuna çıxıb, 118 qol vurub, 77 asistə imza atıb. O, daha öncə “Barselona” (186 oyun, 105 qol, 76 asist) və “Santos”da (134 oyun, 70 qol, 35 asist) da oynayıb. Braziliya yığmasında 124 oyuna 77 qol vurmuş futbolçunun bu yay PSJ-dən ayrılması gözlənilir. Buna səbəb onun Fransa klubunun fanatları tərəfindən sevilməməsidir. Belə ki, parislilər klub rəhbərliyindən Lionel Messi və Marko Verratti ilə yanaşı, Neymarın da komandadan kənarlaşdırılmasını tələb edirlər.