“Roma” komandanın çalışdırıcısı, portuqal mütəxəssis Joze Mourinyonu “canavarlar”ın baş məşqçisi vəzifəsindən kənarlaşdırdığını açıqlayıb.
Arena.az bu barədə “Roma”nın rəsmi “X” sosial şəbəkə hesabı üzərindən dərc edilmiş müvafiq məlumata istinadən xəbər verir:
“Roma” Joze Mourinyo və onun texniki heyətinin klubu dərhal tərk etdiyini bəyan edir. Əsas komandanın yeni məşqçi heyəti ilə bağlı əlavə xəbərlər tezliklə açıqlanacaq”, – “Roma”nın rəsmi bəyanatında deyilir.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda, Mourinyonun “Roma”nın prezidenti Den Fridkinlə münasibətinin pozulmasının komandanın cari mövsümdəki nəticələri ilə bağlı olduğu barədə məlumatlar yayılmışdı.
Hazırda “Roma” 20 turdan sonra 29 xalla İtaliya A Seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. “Canavarlar” Mourinyonun rəhbərliyi altında son olaraq səfərdə “Milan”a 1:3 hesabıyla uduzublar.
“Mour” karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Portuqal mütəxəssis “Roma”nın sükanı arxasına 2021-ci ilin iyulunda gətirilmişdi. “Mour”un “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər idi.
“Canavarlar”a rəhbərliyi müddətində Mourinyo “Roma”nı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.
Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
Mourun “Roma”a ilə ümumi statistikası belədir: 138 oyun, 68 qələbə, 30 heç-heçə, 40 məğlubiyyət. “Mour”un rəhəbərliyi altında “canavarlar”ın top fərqi isə 215:147 nisbətindədir.
Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.


