Sergey Milinkoviç-Saviç 40 milyon avroya “Əl-Hilal”da!

Futbol üzrə Serbiya millisinin və “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib.

Arena.az bu barədə “Əl-Hilal”ın rəsmi saytına istinadən xəbər verir.

28 yaşlı futbolçu yeni klubu ilə 3 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb. Ərəblər onun transferi üçün İtaliya klubuna 40 milyon avro ödəyiblər. Serb futbolçunun özünün də ilinə 20 milyon avro qazanacağı iddia edilir.

Xatırladaq ki, Sergey Milinkoviç-Saviç 2015-ci ilin avqust ayından “Latsio”nun uğurları üçün çalışırdı. Geridə qalmış 2022/2023 mövsümündə Milinkoviç-Saviç meydana çıxdığı 47 oyunda 11 qol vurub, 8 məhsuldar ötürmə verib. O, “qartallar”la A Seriyasının gümüş medalını qazanıb. Sergeyin “Latsio” karyerası bütövlükdə 341 oyun, 69 qol və 59 assistdən ibarətdir.

Milinkoviç-Saviç daha öncə “Genk” və “Voyvodina” kimi klubların formasını geyinib. O, Serbiya milli komandasında da 43 oyun keçirib, 7 qol vurub.

Xatırladaq ki, bir qədər əvvəl “Əl-Hilal”ın Madrid “Atletiko”sunun 30 yaşlı hücumçusu Alvaro Morato üçün də illik 50 milyon avro məbləğində müqavilə təklif etdiyi haqda məlumat yayılmışdı. Bu yay Jorje Jezusu baş məşqçi təyin edən Səudiyyə Ərəbistanı klubu Ruben Neves və Kalidu Kulibali kimi oyunçuları da transfer edib.

Yeri gəlmişkən, “Latsio” braziliyalı yarımmüdafiəçisi Luis Alberto ilə yeni müqaivlə bağlayıb. İtaliya mətbuatı 30 yaşlı futbolçunun 4 illik sözləşməyə imza atdığını bildirir. Paytaxt klubu tezliklə bu barədə rəsmi açıqlama yaymalıdır. Tərəflər arasındakı əvvəlki sözləşmə 2025-ci ilin yayına kimi idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: