Şeyx Mənsur da “Mançester Siti”ni təbrik etdi

Mançester Siti” klubunun sahibi və himayədarı Şeyx Mənsur Çempionlar Liqasını qazanmaları münasibətilə öz təbriklərini dilə gətirib.

Arena.az xəbər verir ki, Şeyx Mənsur bu xüsusda özünün “Twitter” hesabından çıxış edib:

“Mançester Siti” azarkeşlərinə və klubdakı hər kəsə, o cümlədən rəhbərliyə, texniki heyətə və oyunçulara təbrik və təşəkkürümü bildirirəm. Bayramı qeyd etməyə davam edək”.

Vurğulayaq ki, Şeyx Mənsur final oyununu İstanbulun “Atatürk Olimpiya Stadionu”ndan izləyib. Şeyx 13 ildir ki, “Siti”nin rəsmi oyunlarını ziyarət etmirdi. Şeyxin sonuncu dəfə şəxsən izlədiyi oyun 2010-cu ilə təsadüf edir və o zaman “şəhərlilər” “Liverpul”u məğlub etmişdilər.

Xatırladaq ki, “Mançester Siti” Çempionlar Liqasında “İnter”i minimal hesabla məğlub edib. Oyunda yeganə qolu 68-ci dəqiqədə Rodri vurub. Nəticədə sözügedən klub tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Komandanın baş məşqçisi Xosep Qvardiola isə 2011-ci ildən bu yana ilk dəfə qitənin ən nüfuzlu turnirində yenidən qalib olmağı bacarıb. “Mançester Siti” bu qələbəsi ilə həm də “trebl”ini rəsmiləşdirib: klub Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: