“Yuventus”un baş məşqçisi Tyaqo Motta “byankoneri”nin italyan vingeri Federiko Kyezanın “qoca sinyora”nın planlarında olmadığını bildirib.
Arena.az məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, italiyalı mütəxəssis bu barədə komandasının Fransa təmsilçisi “Brest”lə keçirdiyi hazırlıq xüsuslu yoldaşlıq oyunundan (2:2) sonra açıqlama verib:
“Kyeza və bu oyuna çağırılmamış bütün digər oyunçular layihənin bir hissəsi deyil. Biz onlara aydınlaşdırdıq ki, onlar tezliklə yeni həll yolu və yeni klub tapmalıdırlar. Qərar artıq verilib”, deyə Tyaqo Motta vurğulayıb.
Daha əvvəl mətbuatda Kyeza ilə “Tottenhem”, “Arsenal” və “Mançester Yunayted”in maraqlandığı haqda məlumat yayılıb.
Federiko Kyeza “Fiorentina”nın yetirməsidir. “Yuventus” italyan vingeri əvvəlcə icarəyə alıb, sonra bir müddət elə, “bənövşələr”in heyətində icarədə oynadıb, 2022-ci ilin iyulunda isə 44,60 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz heyətinə qatıb.
Federiko Kyezanın “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Kyeza “Yuventus”un heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə verib. Kyezanın “byankoneri”nin heyətində ümumi çıxışının mənzərəsi isə belədir: 131 oyun, 32 qol, 23 məhsuldar ötürmə.
Federiko Kyeza 2018-ci ilin martında debüt etdiyi İtaliya yığmasının heyətində 51 oyuna 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Federiko Kyezanın qənimətlər muzeyində “Yuventus”la qazandığı 2 İtaliya Kuboku (2020/2021 və 2023/2024) və İtaliya Super Kuboku (2020/2021) var. “Skuadra adzurra” ilə isə Kyeza 2020-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı italyan vingerin trasnfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.