UEFA bu həftə baş tutan avrokubok oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 4 namizəd var.
UEFA Çempionlar Liqasında namizədlər bunlardır: Qabriel Jezus (“Arsenal”, İngiltərə), Evanilson (“Portu”, Portuqaliya), David Raum (“Leypsiq”, Almaniya), Santyaqo Ximenes (“Feyenoord”, Niderland).
Evanilson səfərdə Belçika “Antverpen”inə 4:1 hesabıyla qalib gəldikləri oyunda het-trikə imza atıb.
Santyaqo Ximenes doğma meydanda İtaliyanın “Latsio” komandasına 3:1 hesabıyla qalib gəldikləri matçda dubl müəllifi olub.
Qabiel Jezus İspaniya “Sevilya”sı üzərindəki səfər qələbəsində 1 qol və 1 məhsuldar ötürmə ilə pay sahibi olub.
David Raum da “Srvena Zvezda”nı doğma meydanda 3:1 hesabıyla yendikləri görüşdə 1 qol vurmaqla bu siyahıya düşüb.
Avropa Liqasında namizədlər bunlardır: Rayan Qravenberx (“Liverpul”, İngiltərə), Florian Virts (“Bayer”, Almaniya), Volf Eykrem (“Molde”, Norveç) və Vinçentso Qrifo (“Frayburq”, Almaniya).
Vinçentso Qrifo Serbiyanın “Baçka Topola” komandasına 3:1 hesabıyla qalib gəldikləri səfər oyununda het-triik müəllifi olub.
Volf Eykrem evdə İsveç “Hakken”ini 5:1 hesabıyla yendikləri görüşdə dubla imza atıb.
Florian Virts Azərbaycan çempionu “Qarabağ”a doğma meydanda 5:1 hesabıyla qalib gəldikləri görüşdə 1 qol və 3 assist müəllifi olub.
Rayan Qravenberx isə Fransa “Tuluza”sını evdə 5:1 hesabıyla yendikləri görüşdə 1 qolla yadda qalıb.
Avropa Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər isə bunlardır: Lukas Beltran (“Fiorentina”, İtaliya), Miha Zayç (“Fənərbaxça”, Türkiyə), Hüqo Kuypers (“Gent”, Belçika), Dina Ebimbe (“Ayntraxt”, Almaniya).
Dina Ebimbe doğma meydanda Finlandiyanın HJK komandasına 6:0 hesabıyla qalib gəldikləri görüşdə 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Lukas Beltran da Serbiya “Çukariçki”sinə doğma meydanda 6 cavabsız qol vurduqları görüşdə dublla diqqət mərkəzinə düşüb.
Hüqo Kuypers İslandiya “Breydablik”inə 5:0 hesabıyla qalib gəldikləri görüşdə dubl edib.
Miha Zayç da Bolqarıstan “Ludoqorets”ini 3:1 hesabıyla yendikləri ev oyununda dubl edib, 93 faizlik dəqiq ötürmə ilə diqqət çəkib.


