İspaniyanın “Qranada” klubunun Portuqaliyadan olan sağ cinah müdafiəçisi Uilson Manafa La Liqa təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonrakı karyerasını Braziliyada davam etdirəcək.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Təcrübəli müdafiəçinin transferi ilə bağlı detallar, həmçinin onun “Botafoqo” ilə bağladığı müqavilənin müddəti açıqlanmır.
Uilson Manafa “Qranada”ya 2023-cü ilin avqust ayında azad agent kimi qoşulmuşdu. O, La Liqa təmsilçisinin heyətində cəmi 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi daha öncə “Portu”, “Portimonense”, “Varzim”, “Beyra Mar”, “Sportinq” (B) kimi komandalarda da forma geyinib.
“Qranada” Serbiyadan olan dayaq yarımmüdafiəçisi Nyeqoş Petroviçi də “Voyvodina”ya icarəyə verib. Serbiya klubu 24 yaşlı futbolçunu satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb.
Nyeqoş Petroviç 2022-ci ilin yanvar ayından “Qranada”da forma geyinirdi. Yarımmüdafiəçi İspaniya klubunun heyətində 53 oyun keçirib. O, bu oyunlarda cəmi 2 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Rad” və “Srvena Zvezda” kimi klubların da şərəfini qorumuş Petroviç Serbiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Amma o, bu ölkənin əsas millisində hələ debüt şansı qazanmayıb.



