“Qəbələ”nin iki futbolçusu – Zurab Oçiqava və Fares Abu Akel 2023-cü ilin son oyununda komandaya kömək edə bilməyəcək.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Qəbələ” dekabrın 22-də Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”la qarşılaşacaq. 2023-cü ilin bu iki komanda üçün son matçı Qəbələ şəhər stadionunda keçiriləcək.
Qarşılaşmanın hazırlığında “qırmızı-qaralar”ın iki futbolçusu iştirak etməyib. Zurab Oçiqava və Fares Abu Akel bərpa prosesi keçirlər. Bu üzdən də onların ilin sonuncu oyununu buraxacağı dəqiqdir.
Xatırladaq ki, “Qəbələ” – “Sabah” matçına saat 16:00-da start veriləcək. Bu görüş iki komanda arasında 25-ci matç olacaq. Buna qədər rəqiblər ümumilikdə 24 dəfə görüşüblər. Əvvəlki oyunlarda “Qəbələ” 9 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib və 12 dəfə uduzub. Rəqib qapısına 26 qol vuran “Qəbələ” futbolçuları 38 top buraxıblar.
“Qəbələ”nin heyətində Ülvi İsgəndərov daha çox – 4 dəfə fərqlənib. Davit Volkov, Klesio Bauk və Nikolas Raysel hərəyə 3 qol vurublar.
İndiyədək keçirilən 24 matçdan 20-si çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 12 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi də bakılıların xeyrinədir – 36:18.
“Qəbələ” evdə keçirdiyi 11 görüşdə 4 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə dueldən xalsız ayrılıb. Bu oyunlarda top fərqində paytaxt klubu öndədir – 15:13.


