Joze Mourinyo bağışlanmadı – 2 oyunluq cəzası təsdiqləndi

İtaliyanın “Roma” komandasının baş məşqçisi Joze Mourinyo hakimlərlə mübahisəyə görə 2 oyunluq diskvalifikasiya olunub. Arena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.

Xatırladaq ki, Mourinyo İtaliya A Seriyasının 24-cü turunda “Kremoneze” ilə matçda (1:2) hakimlərlə mübahisə etdiyi üçün 2 oyunluq cəzalanmışdı. O, həm oyunun gedişi zamanı hakimləri təhqir etmiş, həm də görüşdən sonra hakimlər otağına daxil olaraq onlarla mübahisə etmişdi. Bütün bunlara görə İtaliya Futbol Federasiyası təcrübəli məşqçini 2 oyunluq diskvalifikasiya etmişdi. Belə olan halda o, həm 25-ci turdakı “Yuventus”la, həm də növbəti turda “Sassuolo” ilə görüşdə texniki zonada yer almamalı idi.

Lakin “Roma” baş məşqçisinin bu cəzası ilə bağlı apellyasiya şikayəti vermişdi. Paytaxt klubu iddia etmişdi ki, Mourinyonun özünü belə aparmasının səbəbi 4-cü hakimin təxribatı olub. Bu üzdən də İtaliya Futbol Federasiyası bu mübahisəli vəziyyəti tam araşdırana qədər cəzanın dayandırılması barədə qərar qəbul etmişdi. Federasiyaya məşqçi ilə hakim arasında baş vermiş mübahisəni araşdırmaq üçün müəyyən vaxt ehtiyac olduğunu açıqlamışdı. Belə olan halda cəza dondurulmuş və Mourinyo “Yuventus”la görüşdə texniki zonada komandasına rəhbərlik etmişdi. Portuqaliyalı apellyasiyanı uduzduğundan cəza yenidən qüvvəyə minib. O, “Sassuolo” və “Latsio” ilə oyunları buraxmalı olacaq.

Bu qərardan dərhal sonra “Roma” açıqlama yayaraq bəyan edib ki, bu qarşılaşmalar başa çatana qədər klubdan heç kim media ilə danışmayacaq. Mourinyo isə qərar açıqlandıqdan sonra sosial şəbəkədə əllərini çarpaz formada tutaraq şəkil paylaşıb.

Xatırladaq ki, Joze Mourinyo bu mövsüm üçüncü dəfədir qırmızı vərəqə ilə cəzalanıb. O, daha öncə iki dəfə texniki zonadan uzaqlaşdırılmış və bir neçə oyunu tribunadan izləmək məcburiyyətində qalmışdı. Portuqaliyalı mütəxəssisin komandası isə bu mövsüm A Seriyasında 25 oyuna topladıqları 47 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: