İspaniyadan olan futbol mütəxəssisi Marselino Qarsiya Toral Fransanın “Olimpik” (Marsel) komandasının baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Ötən mövsüm bitən kimi İqor Tudorla yollarını ayırmaq məcburiyyətində qalan Marsel təmsilçisi məhz ispan məşqçi ilə anlaşıb. Tərəflər 2 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıblar.
Xatırladaq ki, Marsel “Olimpik”i 2022/2023 mövsümündə Fransa çempionatını 3-cü pillədə başa vurub və UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Amma buna baxmayaraq, xorvatiyalı baş məşqçi İqor Tudor öz istəyi ilə komandadan ayrılıb.
Marselino Qarsiya Toral isə son olaraq İspaniyada “Atletik”ə rəhbərlik edib. O, 2021-ci ilin yanvarından çalışdırdığı Bilbao təmsilçisindən 2022-ci ilin iyul ayında ayrılandan bəri işsiz idi. 57 yaşlı mütəxəssis daha öncə “Valensiya”, “Vilyarreal”, “Sevilya”, “Rasinq” (Santander), “Saraqosa”, “Rekreativo”, “Sportinq” (Xixon) kimi komandalarda da işləyib. İspaniyalı mütəxəssis ilk dəfə ölkəsindən kənarda komanda çalışdıracaq.


