ABŞ-ın “Nyu-York Siti” klubunun argentinalı hücumçusu Valentin Kastelyanos bundan sonra “Latsio”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
A Seriyası təmsilçisi bu transfer üçün MLS klubuna 15 milyon avro ödəyib. 24 yaşlı forvardla 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.
Valentin Kastelyanos 2018-ci ildən MLS təmsilçisində çıxış edirdi. O, ABŞ təmsilçisinin heyətində 134 oyuna 59 qol vurub, 24 məhsuldar ötürmə edib. Hücumçu daha öncə Çilinin “Universidad de Çili” və Uruqvayın “Torke” klublarında da forma geyinib. Geridə qalan mövsümdə isə o, İspaniyanın “Jirona” komandasında icarədə olub. Hücumçu La Liqa təmsilçisində 37 oyuna çıxıb, 14 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Latsio” sol cinah vingeri Raul Moronu da İspaniyanın “Valyadolid” klubuna icarəyə verib. 20 yaşlı ispan futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə çıxış edəcək. Müqavilədə satınalma ilə də bağlı şərt nəzərdə tutulub.
“Espanyol”un yetirməsi olan Raul Moro 2019-cu ildən “Latsio”dadır. O, bu klubun əsas komandasında 20 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Moro ötən mövsüm icarə əsasında “Real Ovyedo” və “Ternana”da da forma geyinib.


