Serxio Arribas “Almeriya”da – “Real”ın qazancı bilindi

“Almeriya” heyətini yeni futbolçularla – sağ cinah müdafiəşisi Mark Pubill, yarımmüdafiəçilər Serxio Arribas və Dion Lopi ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Madrid “Real”ından transfer olunan Serxio Arribas yeni klubu ilə 6 illik (2029-cu ilin 30 iyununa kimi) müqavilə bağlayıb. “Almeriya” bu keçidə görə Madrid klubuna 6 milyon avro ödəyib.

Futbola “Leqanes”də başlamış Arribas 2012-ci ildən “Real”da idi. 21 yaşlı ispan hücumameyilli yarımmüdafiəçi Madrid nəhənginin əsas komandasında da 14 oyun keçirib və 1 qol vurub.

Dion Lopi isə Fransanın “Reyms” klubundan 8 milyon avro qarşılığında transfer olunub. 21 yaşlı dayaq yarımmüdafiəçisi də 6 illik müqaviləyə imza atıb. Seneqallı futbolçu 2021-ci ildən formasını geyindiyi “Reyms”in əsas komandasında 62 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə də yadda qalıb. O, Seneqal yığmasında da 2 matç keçirib.

Mark Pubill isə “Levante”dən 5 milyon avroya transfer olunub. 20 yaşlı ispan futbolçu da “Almeriya” ilə 6 illik müqaviləyə imza atıb. Peşəkar karyerasına “Levante”də başlamış müdafiəçi bu klubun əsas komandasında 42 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Almeriya” mərkəz müdafiəçisi Rodriqo Elini də “Qremio”ya satıb. Braziliya klubu bu keçidə görə La Liqa təmsilçisinə 1,5 milyon avro ödəyib.

İtaliya vətəndaşlığına da malik olan Rodriqo Eli 2022-ci ilin martından formasını geyindiyi “Almeriya”da 48 oyuna çıxıb, 3 qol vurub, 1 assistlə yadda qalıb. O, “Alaves”, “Vareze”, “Avellino”, “Recina” və “Milan”da da oynayıb.

“Almeriya” Braziliyadan olan hücumçusu Dieqo Souza ilə də yollarını ayırıb. 33 yaşlı futbolçu İspaniya klubunu azad agent kimi tərk edib. O, 2021-ci ilin avqustundan formasını geyindiyi “Almeriya”da 47 ouna 5 qol vurub, 6 assist edib. Souza karyerası ərzində “Maritimo”, “Braqa”, “Portimonense”, “Tondela”, “Leyşoyş”, “Benfika”, “Famalikan” kimi klublarda da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: