Cennaro Qattuzo rəsmən Marsel “Olimpik”ində!

İtalyan mütəxəssis Cennaro Qattuzo Fransanın “Olimpik” (Marsel) komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.

45 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna – 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Marselino Qarsiya Toralı əvəz edib.

Marselino Qarsiya Toral bu mövsümün əvvəlində “Olimpik”in baş məşqçisi təyin olunmuşdu. Marsel təmsilçisi onun rəhbərliyi altında cəmi 7 oyuna çıxıb. Komanda bu görüşlərdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 2 məğlubiyyətə üzülüb. Liqa 1 təmsilçisi bu mövsüm ölkə çempionatında topladığı 9 xalla 8-ci pillədə qərarlaşıb.

Cennaro Qattuzo isə son olaraq İspaniya La Liqasında mübarizə aparan “Valensiya”nın baş məşqçisi olub. O, 2022-ci ilin iyulundan çalışdırdığı bu komandadan 2023-cü ilin yanvarında ayrılıb. İtaliyalı mütəxəssis bu komandanı 22 matçda çıxarıb. “Valensiya” bu görüşlərdə 7 qələbə qazanıb, 6 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.

Qattuzo daha öncə “Napoli”, “Milan”, “Piza”, “OFİ Krete” və “Palermo”nu da çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: