“Roma”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo “canavarlar”ın düşərgəsindəki gələcəyi ilə bağlı fikirlərini paylaşıb.
Arena.az Mourinyonun “The Obi One Podcast” “YouTube” kanalına verdiyi müsahibəsindən müvafiq xüsusda fikirlərini təqdim edir:
“Burada xoşbəxtəm, amma müqaviləmin müddəti sona çatır. Buna görə də bu, klubun qərarıdır… Bütün diqqətimi bu günə cəmləmişəm və malik olduğum hər şeyi verirəm.
Mənim çoxlu gözəl insanlardan və dünyanın ən yaxşı oyunçuları olmayan bir dəstə futbolçudan ibarət çox, çox yaxşı klubum var, amma onlar çox, çox yaxşı uşaqlar və yaxşı oyunçulardır. Azarkeşlər heyrətamizdir və şəhər heyrətamizdir, buna görə də mən burada çox xoşbəxtəm”, deyə “Mour” bildirib.
Hazırda Joze Mourinyonun “canavarlar”ı İtaliya A Seriyasında 16 turdan sonra 25 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıblar. Jozenin komandası qeyri-sabit çıxışı ilə diqqət çəkir.
“Mour” karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Portuqal mütəxəssis 2021-ci ilin iyulundan “Roma”nı çalışdırır. “Mour”un “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Canavarlar”a rəhbərliyi müddətində Mourinyo paytaxt klubunu ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.
Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.


