Klub prezidentinin döydüyü Halil Umut Meler yeni təyinat aldı

Türkiyədə klub prezidentinin döydüyü hakim Halil Umut Meler bir aylıq fasilədən sonra Super Liqa oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, 37 yaşlı ədalət təmsilçisi Türkiyə Super Liqasının 20-ci turu çərçivəsində keçiriləcək “İstanbulspor” – “Konyaspor” matçını idarə edəcək.

Bu barədə Türkiyə Futbol Federasiyasının yaydığı məlumatda bildirilir. Yanvarın 14-də reallaşacaq bu qarşılaşma Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Xatırladaq ki, Super Liqanın 15-ci turunun dekabrın 11-də keçirilmiş “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurmuşdu. Halil Umut Meler buna görə 2 gün xəstəxanada qalmışdı. Türkiyədə böyük qəzəb doğuran bu hücumdan sonra Super Liqada 16-cı turun oyunları təxirə salınmış, Faruk Koca həbs olunmuşdu. Daha sonra o, sərbəst buraxılsa da, istintaq davam edir. Meler isə təxminən bir ay idi oyunlara təyinat almırdı. Onun hətta hakimliyi buraxacağı haqda xəbərlər dolaşırdı. Lakin o, sevimli işini davam etdirməyə qərar verib.

Qeyd edək ki, Super Liqanın 20-ci turuna bu gün keçiriləcək iki oyunla start veriləcək. Həmin oyunların siyahısını və baş hakimlərini təqdim edirik:

“Hatayspor” – “Pendikspor”: Muhammet Ali Metoğlu
“Ankaragücü” – “Kasımpaşa”: Ömer Faruk Kurtay
“Başakşəhər” – “Alanyaspor”: Arda Kardeşler
“Rizəspor” – “Adana Dəmirspor”: Volkan Bayarslan
“Beşiktaş” – “Fatih Karagümrük”: Mert Güzenge
“İstanbulspor” – “Konyaspor”: Halil Umut Meler
“Samsunspor” – “Sivasspor”: Burak Şeker
“Antalyaspor” – “Trabzonspor”: Bahattin Şimşek
“Qaziantep” – “Fənərbaxça”: Tugay Kaan Numanoğlu
“Qalatasaray” – “Kayserispor”: Atilla Karaoğlan

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: