“Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem “Real”a keçidi, Madrid klubunun dəyərləri və “qaymaqlılar”la məqsədi haqda söhbət açıb.
Arena.az “Madrid Universal” dərgisinə istinadən, ingilis futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Real” xüsusi bir klubdur. Bu klubla müqavilə imzalamağım başıma gələn ən yaxşı məqamdır. Bu, 2023-cü ildə həyatımdakı əsas hadisədir.
“Real”ın mənə olan marağına görə təşəkkür etməliyəm. Burada çoxlu istedadlı oyunçular var və mən fəxr edirəm ki, onlar mənim komandaya uyğunlaşmağım üçün düzgün keyfiyyətlərə və xasiyyətə malik olduğumu düşünüblər. “Real” mənə zəng edib növbəti bir neçə il üçün plan və layihə barədə danışanda məni inandırdılar. Bu barədə düşünməyə belə, ehtiyacım yox idi”, deyə Bellingem xatırlayıb.
İngilis futbolçu həmçinin “Kral klubu”nun dəyərlərinin və özünəməxsusluğunun nəyə əsaslandığını açıqlayıb:
“Burada klubun keçmişin əfsanələrini tanımağı öyrənirsən. Klubun dəyərləri və özünəməxsusluğu bu nişanı dəfələrlə daşımış bu əfsanələrin üzərində qurulub. Onların irsinə və dəyərlərinə riayət etmək vacibdir və mən bunu etməyə çalışıram.
Atam evdə həmişə Zidanın soyadı və arxasında “5” rəqəmi olan “Real” köynəyini geyinərdi. Bu, əyləncəlidir – siz deyə bilərsiniz ki, dairə tam qapanıb, axı indi mən də “beş nömrə”ni daşıyıram”, deyə Bellingem təbəssümlə bildirib.
“Mən yalnız kollektiv məqsədlər haqqında düşünürəm”
Cud “Real”ın heyətində öz məqsədləri haqda da danışıb:
“Mənim məqsədlərim? Mən yalnız kollektiv məqsədlər haqqında düşünürəm. Qalan hər şey haqqında yalnız başqaları danışırlar. Həmişə hər gün birlikdə işlədiyim, pis gündə yanımda olan və yaxşı günlərdən həzz aldığım komanda yoldaşlarım haqqında düşünürəm”, deyə Bellingem vurğulayıb.
Sohbətinin yekununda Bellingem karyerası boyunca komanda yoldaşlarından kimləri fərqləndirə biləcəyi haqda sualı cavablayıb:
“Birlikdə oynadığım ən yaxşı oyunçularmı? Toni Kroos və Luka Modriç”, deyə gənc istedad “Real”ın alman və xorvat veteranlarının adlarını çəkib.
Xatırladaq ki, mərkəz yarımmüdafiəçisi Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. Cari mövsümdə Bellingem “Real”ın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 22 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib. Hazırda Bellingem 18 qolla İspaniya La Liqasının cari mövsümünün ən sərrast futbolçuları siyahısında 2-ci pillədə qəralaşıb. Maraqlıdır ki, Cud həlledici qolları vurması ilə səciyyəvidir. Məsələn, La Liqa çərçivəsində “Barselona” ilə hər iki “el-klasiko”da Bellingem vurduğu həlledici qollarla “blauqrana”nı şəxsən “edam” etmişdi.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 29 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bellingem elə ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024) və İspaniya La Liqasının (2023/2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.


