Buffon Mottanın “Yuventus”da uğuruna inanır

“Yuventus”un sabiq qapıçısı Canluici Buffon Tyaqo Mottanın Turin təmsilçisinin baş məşqçi vəzifəsinə mümkün təyinatına münasibət bildirib.

Arena.az İtaliya yığmasının sabiq qolkiperinin bu barədə fikirlərini təqdim edir:

“Əminəm ki, Tyaqo Motta “Yuventus”a keçsə, uğur qazanacaq. Onun haqqında xüsusi bir məqam var. Mən bunu hesablanmış risk hesab edirəm və “Yuventus”un bunu etmək cəsarəti vardı. Fikrimcə, klub iddialı layihəsinə qığılcım gətirməyə çalışır”, deyə Buffon bildirib.

Xatırladaq ki, 2023/2024 mövsümünün bitməsilə braziliyaəsilli italiyalı mütəxəssis Tyaqo Motta klubla müqaviləsini yeniləməyərək, “Bolonya”nın baş məşqçisi vəzifəsindən gedib. 41 yaşlı mütəxəssisin uğurlu rəhbəlik etdiyi komandadan ayrılmasının məhz “Yuventus”dan aldığı təkliflə bağlı olduğu bildirilir.

Tyaqo Motta “Bolonya”nın sükanı arxasına 2022-ci ilin sentyabrında keçmişdi. Motta “tazılar”ı 76 oyuna çıxarıb, 35 qələbə qazandırıb, 23 heç-heçə və 18 məğlubiyyət yaşayıb. Top fərqi isə 111:79 nisbətindədir. “Bolonya” Mottanın rəhbərliyi altında A Seriyasının 2023/2024 mövsümünü 68 xalla 5-ci pillədə başa vurub və UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

“Yuventus” isə hələ 2023/2024 mövsümü başa çatmamış baş məşqçisi Massimiliano Alleqrini istefaya göndərib. Buna onun İtaliya Kubokunun “Atalanta” final oyunundakı (1:0) xoşagəlməz davranışları səbəb olub. Turin təmsilçisi isə mövsümü 71 xalla 3-cü pillədə başa vurub. Amma hazırda 4-cü pillədə yer alan və təxirə salınmış bir oyun olan “Atalanta” “Fiorentina” ilə qarşılaşmadan qalib ayrılsa, “Yuventus”u qabaqlayaraq bürünc medallara sahib çıxa bilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: