Kilian Mbappe vurduğu qolu mərhum əmisinə həsr etdi

Fransa yığmasının Lüksemburq yığmasına qarşı yoldaşlıq oyunu (3:0) “Real”ın fransalı mərkəz hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda Mbappe məhsuldar ötürmə və qolla fərqlənib.

Ulduz hücumçu vurduğu qolu mərhum əmisinin əziz xatirəsinə həsr edib.

Mbappe sevimli əmisi Aleksin vəfatı haqda iyunun 2-də özünün sosial şəbəkə hesabları üzərindən məlumat vermişdi.

Yeri gəlmişkən, Mbappe Lüksemburqla yoldaşlıq görüşündən sonra məhsuldar ötürmələrin sayına görə Zinəddin Zidan və Tyerri Anrini geridə qoyub. Hücumçu millidəki ötürmələrinin sayını 27-yə çatdırıb. Zidan və Anrinin isə hərəyə 26 ötürməsi var. Bu göstəricidə Antuan Qrizmann birincidir (30).

Xatırladaq ki, iyunun 3-də “Real” fransalı ulduz hücumçu ilə 5 illik – müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bəyan edib.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

Geridə qalmış 2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, 44 qol vurub, 10 məhsuldar ötürmə verib. Mbappenin Paris klubunun heyətində çxışının ümumi mənzərəsi isə belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə.

Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 78 oyun keçirib, 47 qol vurub və 33 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: