“Barselona”nın bəzi oyunçuları “blauqrana”nın sabiq baş məşqçisi Xavinin fiziki hazırlıq üzrə çalışmalara ayırdığı müddətdən narazı imişlər.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, ötən ilin fevralında Kataloniya klubunun oyunçularından biri digərinə şikayət edib:
“Burada, “Barselona”da cəmi bir saat məşq edirsən, sonra evə gedirsən”.
“Blauqrana”nın futbolçuları Xavidən fiziki hazırlığı gücləndirməyi xahiş ediblər. İspan mütəxəssisin futbolçuların istəklərini dinlədiyi, bundan sonra “Barselona”nın nəticələrinin yaxşılaşdığı vurğulanır.
Daha əvvəl “Barselona”nın prezidenti Joan Laporta da vurğulamışdı ki, Xavinin işlədiyi müddətdə oyunçular həmişə oyunları tam surətdə oynamaq üçün dözümlü olmayıblar.
Xavi başda olmaqla, ispan mütəxəssisin məşqçilər qərargahı Laportanın bu iddiasından təəccüblənmiş və məyus olmuşdu. Xavi isə Laportaya: “yanvarda halınıza baxıb-görəcəyik”, deyə cavab vermişdi.
Xatırladaq ki, mayın 24-də “Barselona” Xavini istefaya göndərib. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib.
“Barselona” 2023/2024-cü illər mövsümü İspaniya La Liqasını 85 xalla 2-ci yerdə başa vuraraq, gümüş medal qazanıb. “Blauqrana” növbəti mövsümdə Çempionlar Liqasında çıxış edəcək.


